― 7 апреля 2025 г.
TÜRKSOY Baş katibi Raev: “Aktaudakı açılış Türk Dünyasının mədəni birliyini gücləndirdi”
Manğıstau vilayətinin icra hâkimi Nurdəulet Kılıbay, 7 aprel tarixində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un Baş katibi Sultan Raev ilə görüşüb. Görüşdə 5 aprel tarixində Aktau şəhərində keçirilən “Türk Dünyası Mədəniyyət Paytaxtı” açılış mərasimi dəyərləndirilib, ilin sonuna qədər reallaşdırılması planlaşdırılan mədəni tədbirlərin əhatə dairəsi və tətbiq mexanizmləri müzakirə olunub.
TÜRKSOY Baş katibi Sultan Raev, açılış mərasiminin yüksək səviyyədə təşkil olunduğunu bildirərək başda Manğıstau vilayət rəhbərliyi olmaqla əməyi keçən bütün qurumlara təşəkkürünü bildirib. Xalqlar arasında güclü bir bağ yaradan bu tədbirin əhəmiyyətinə diqqət çəkən Raev belə deyib: “Aktau şəhərində keçirilən açılış mərasimi, Türk Dünyasının mədəni birliyinə güclü töhfə verdi. Mədəniyyət Kəndində yaşanan atmosfer, xalqlarımız arasında qardaşlıq və səmimiyyət duyğularını ən gözəl şəkildə əks etdirdi. Qonaqpərvərlik son dərəcə təsirli idi. İştirakçılar və sənətçilər tədbirdən böyük məmnuniyyətlə ayrıldılar.”
Görüşdə Manğıstau vilayətinin icra hakimi Nurdəulet Kılıbay isə bölgənin tarixi və mədəni özünəməxsusluğuna toxunub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin “Ortaq köklərə və ənənələrə sahib xalqlar arasında əməkdaşlığı daha da gücləndirmək hamımızın ortaq vəzifəsidir” sözlərini xatırladaraq, bu cür tədbirlərin Türk xalqları arasındakı həmrəyliyi artırdığını vurğulayıb.
Kılıbay, Abıl, Yesir, Kaşagan, Suğır və Abiș Kekilbayev kimi önəmli şəxsiyyətlərin doğulduğu Manğıstau bölgəsinin tarixi mirası ilə mənəviyyat və incəsənət baxımından zəngin bir mərkəz olduğunu qeyd edib. “Aktau – Türk Dünyası Mədəniyyət Paytaxtı” tədbirinə təxminən 100 min nəfərin qatıldığını deyən vali, bu marağın bölgənin mədəni potensialını açıq şəkildə ortaya qoyduğunu bildirib. İlin sonuna qədər planlaşdırılan bütün mədəni tədbirlərin də eyni diqqət və həssaslıqla həyata keçiriləcəyini əlavə edib.
Toplantıda, konsertlərdən teatr tamaşalarına, sərgilərdən ədəbiyyat günlərinə və elmi panellərə qədər uzanan geniş miqyaslı mədəni proqramların hazırlıq mərhələsi də nəzərdən keçirilib. TÜRKSOY-un koordinasiyası ilə keçiriləcək bu tədbirlərin, Türk Dünyasında mədəni bağları daha da gücləndirəcəyi gözlənilir.