― 4 апреля 2025 г.
Türk Dünyası 2025 Mədəniyyət Paytaxtı Aktauda böyük açılış həyəcanı
Xəzərin sahilində mədəniyyət, incəsənət və qardaşlıq görüşü
TÜRKSOY tərəfindən 2025-ci il üçün “Türk Dünyası Mədəniyyət Paytaxtı” elan edilən Qazaxıstanın Aktau şəhəri, 5 aprel tarixində keçiriləcək möhtəşəm açılış mərasimi ilə rəsmi tədbirlərə start verir. Xəzər dənizinin sahilində minlərlə sənətsevəri bir araya gətirəcək bu xüsusi tədbir – konsertlər, rəqs nümayişləri, sərgilər və səhnə performansları ilə Türk Dünyasının zəngin mədəniyyətini əks etdirərək unudulmaz anlara səhnə olacaq.
1400 sənətçi Aktauda birləşdi
Türk Dünyasının müxtəlif bölgələrindən gələn təxminən 1400 sənətçinin iştirakı ilə keçiriləcək açılış mərasimi, geniş bir ərazidə qurulan yurtlar və açıq hava səhnələrində canlanacaq. TÜRKSOY-a üzv ölkələrdən gələn sənətçilərin iştirakı ilə təşkil olunacaq kortej yürüşü ilə başlayacaq proqram – musiqidən xalq rəqslərinə, ənənəvi sənət emalatxanalarından etno-mədəni təqdimatlara qədər uzanan zəngin proqramı ilə Aktauya toplaşan minlərlə sənətsevərə unudulmaz bir bayram yaşadacaq. Qazaxıstan Milli Televiziyası və TRT Avaz tərəfindən canlı yayımlanacaq açılış proqramı Qazaxıstan vaxtı ilə saat 08:30-da Xəzər sahilində təşkil olunacaq kortej yürüşü ilə başlayacaq.
TÜRKSOY Baş katibi Sultan Raev: “Aktau, Türk Dünyasının qürur mənbəyidir”
TÜRKSOY Baş katibi Sultan Raev, açılışdan öncə jurnalistlərə verdiyi açıqlamada, Aktau şəhərinin təkcə Qazaxıstan üçün deyil, bütün Türk Dünyası üçün qürurverici bir hadisə olduğunu bildirdi. Raev: “Aktau – tarixi dərinliyi, yetişdirdiyi öncül şəxslər və mədəni zənginliyi ilə bu titula layiq bir şəhərdir. Sabah keçiriləcək mərasimlə Türk Dünyasının mədəni və bədii zənginliklərini nümayiş etdirəcək olan Mədəniyyət Paytaxtı səyahətimiz Xəzər sahilindən başlayacaq,” – dedi.
Baş katibin müavini Sayit Yusuf: “Aktau, minillik Türk tarixinə ev sahibliyi edir”
TÜRKSOY Baş katibinin müavini Sayit Yusuf isə Manğıstau bölgəsinin Türk Dünyası üçün əhəmiyyətinə diqqət çəkərək bildirib: “Xüsusilə Oğuz türklərinin Anadoluya köç yolunda bu bölgə mühüm bir keçid nöqtəsi olmuşdur. Bu gün Aktau kiçik bir şəhər kimi görünsə də, Xəzər dənizinin imkanları və strateji mövqeyi sayəsində Türk Dünyasının ortaq dəyərlərini dünyaya tanıtmaq üçün böyük potensiala malikdir. TÜRKSOY, mədəni əməkdaşlığı gücləndirmək və ortaq mirası görünən etmək üçün 2012-ci ildən bəri Türk Dünyası Mədəniyyət Paytaxtı layihəsini uğurla həyata keçirir. Aktau, Aşqabadda keçirilən toplantıda nazirlərimizin yekdil qərarı ilə bu şərəfli ada layiq görüldü.
Açılış yalnız bir başlanğıcdır. İl boyunca bu torpaqlarda onlarla mədəni tədbir keçiriləcək. Bu tədbirlər həm Türk Dünyasında bağları möhkəmləndirəcək, həm də mədəni irsimizi və ortaq dəyərlərimizi beynəlxalq ictimaiyyətə daha effektiv şəkildə tanıdacaq. Açılış mərasimi çərçivəsində qurulan hər yurt çadırında, qurucu ölkələrimizdən gələn sənətkarların əl işləri sərgilənir. Bəzi yurtlarda canlı performanslarla ortaq hekayələrimizi canlandırır, ənənələrimizi yaşadırıq. Aktau xalqı ilk gündən etibarən bütün sənətçilərimizi böyük qonaqpərvərliklə qarşılayıb. Hər kəs böyük açılışı səbirsizliklə gözləyir. Toroslarda, Aşqabadda, Daşkənddə nə görürüksə, burada da onu görürük. Bu torpaqlarda əcdadlarımızın izini izləmək və eyni mədəni dili danışmaq, bizim böyük bir millətin üzvü olduğumuzu yenidən xatırladır. Əməyi keçən hər kəsi bir daha təbrik edirəm.”
Aktauda tədbirlər ilin sonuna qədər davam edəcək
Açılış mərasimindən dərhal sonra start veriləcək tədbirlər çərçivəsində 2025-ci il ərzində Aktau şəhərində 30-a yaxın böyük miqyaslı beynəlxalq tədbir keçiriləcək. Ənənəvi musiqi konsertlərindən teatr və kino festivallarına, gənclik görüşlərindən fikir və mədəniyyət forumlarına qədər uzanan zəngin təqvim, Türk Dünyasının mədəni müxtəlifliyini gün üzünə çıxararaq gələcək nəsillərə ötürməyi hədəfləyir.
Türk Dünyası mədəniyyət nazirləri açılışda bir aradadır
Aktau’dakı möhtəşəm açılış təkcə sənətçilərlə deyil, eyni zamanda yüksək səviyyəli dövlət nümayəndələrinin iştirakı ilə də mənalı olacaq. TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirlərinin qatılacağı bu mərasim, Türk Dünyasının ortaq mədəni irsinə sahib çıxma əzmini güclü şəkildə əks etdirəcək. Nazirlik nümayəndələri Aktau şəhərini ziyarət edərək bir sıra ikitərəfli görüşlər keçirəcəklər.
Mədəniyyət Paytaxtları ortaq kimliyi gücləndirir
TÜRKSOY tərəfindən 2012-ci ildən bu yana həyata keçirilən Türk Dünyası Mədəniyyət Paytaxtı proqramı – şəhərlər arasında mədəni və incəsənət baxımından qarşılıqlı əlaqəni artırmaqla yanaşı, ortaq dəyərləri ucaldan bir platforma olaraq fəaliyyətini davam etdirir. Bu günə qədər 12 şəhər bu prestijli ada layiq görülərək Türk Dünyasının mədəniyyət vitrininə çevrilmişdir.
Proqram çərçivəsində sırasıyla Astana, Eskişehir, Kazan, Mərv, Şəki, Türküstan, Kastamonu, Oş, Xivə, Bursa, Şuşa və Anev şəhərləri bu titulu daşıyıb. İndi isə bayraq, Xəzərin incisı olan Aktau şəhərinə təhvil verilib. Hər bir şəhər öz mədəniyyət toxumasını ortaq kimlik içində yenidən formalaşdıraraq Türk Dünyasının mədəniyyət xəritəsinə töhfə verib. Bu il keçiriləcək açılış mərasimi isə məzmunundakı bir çox ilk ilə yaddaşlarda qalacaq.
Tədbirlər çərçivəsində dron şouları, Qazaxıstanın dünyaca məşhur sənətçiləri Dimaş Qudaybergen, Meyirbek Atabekov, Roza Zergerli, “Yalla” Qrupu və Kalifarniya kimi adların çıxışları, eləcə də bütün Türk Dünyasından gəlmiş rəqs kollektivlərinin möhtəşəm nümayişləri sənətsevərləri gözləyir.